Bakudez Dezinfeksiya Mərkəzi marketinq şirkəti ilə əməkdaşlıq edəcək

01.09.2020

Bütün dünyanı cənginə almış koronavirus pandemiyası ilə mübarizədə dezinfeksiya şirkətlərinin mühüm rolu vardır.

Hələ post pandemiya dövründə yaradılmış, ölkəmizdə dezinfeksiya və təmizlik sahələrində fəaliyyət göstərən aparıcı şirkətlərdən olan və bu sahədə hər zaman ilklərə imza atan Bakı Dezinfeksiya Mərkəzi (BAKUDEZ) də fəaliyyət və imkanlarını pandemiya dövrünün tələblərinə uyğunlaşdırmağı qarşıya məqsəd qoymuşdur.

Bu məqsədlə BAKUDEZ Marketinq və Kommunikasiyalar şirkəti (MARCOM) ilə əməkdaşlığa başlamışdır.

MARCOM-un icraçı direktoru Ceyhun Fərzəliyev bu əməkdaşlığın hər iki şirkət üçün əhəmiyyəti və mümkün perspektivləri barədə aşağıdakı fikirlərini bildirmişdir:

“İlk təsəvvürdə BAKUDEZ-in MARCOM kimi qabaqcıl təcrübəyə malik şirkətlə əməkdaşlığa başlaması və belə bir çətin dövrdə marketinq strategiyasını MARCOM-a həvalə etməsi BAKUDEZ-in öz potensial imkanlarını genişləndirməyə dəstək olacaqdır. MARCOM BAKUDEZ-in marketinq strategiyasını daha üst səviyyəyə qaldırmaqda yardımçı olacaqdır. Bu məqsədlə MARCOM tərəfindən BAKUDEZ-in inkişafı ilə bağlı strateji yol xəritəsinin hazırlanmasına başlanılmışdır. Bundan başqa, BAKUDEZ-in məhsullarını və göstərdiyi bütün xidmətləri (dezinfeksiya, təmizlik xidmətləri, dezinfeksiyaedici maddələrin satışı və s.) kompleks şəkildə ifadə edəcək yeni tanıtım nişanı – loqo hazırlanmış və təqdim olunmuşdur. Yeni loqo şirkətin fəaliyyət istiqamətini tam olaraq özündə əks etdirir. Yeni loqoda irəli işarəsi, su damcısı, molekul və xidmətlərin çoxluğu əks olunmuşdur. Artıq şirkətin xidmət kataloqu, məhsulları və digər kommunikasiya vasitələri üzrə işlər tamamlanmışdır. Yaxın günlərdə şirkətin inkişaf strategiyasına və xidmət imkanlarına uyğun olaraq yeni internet saytı da istifadəyə veriləcəkdir.”.

BAKUDEZ-in Baş direktoru Coşqun Qurbanov da MARCOM-la əməkdaşlığın BAKUDEZ üçün faydalı olacağından və bu əməkdaşlıqdan gözləntilərini barədə fikirlərini bildirmişdir:

“BAKUDEZ 2019-cu ildən ölkənin xidmət bazarında mövcuddur. Şirkət insanların bilavasitə təmasda olduğu obyektlərdə, habelə anbar (saxlanc) sahələrində, nəqliyyat vasitələrində və digər məkanlarda yoluxucu, parazitar və infeksion xəstəliklərin profilaktikası, habelə ləğvi sahəsində tədbirlərin təşkili və həyata keçirilməsi ilə məşğuldur. Şirkətin xidmətlərinin beynəlxalq standartlara uyğunluğu ISO 9001:2015, ISO 14001 və ISO 45001:2018 sertifikatları ilə təsdiq olunmuşdur.

İlk vaxtlarda dezinfeksiya şirkəti kimi yaradılmış BAKUDEZ zamanla öz xidmət və satış imkanlarını da genişləndirmiş, müştərilərin tələb və təkliflərinə uyğunlaşdırmağı qarşıya məqsəd qoymuşdur. Koronavirus pandemiyasının geniş vüsət aldığı bir dövrdə, təbii ki, BAKUDEZ də pandemiya ilə mübarizədə biganə qala bilməzdi. Bu baxımdan şirkətin yeni strateji inkişaf xəritəsinin və marketinq strategiyasının hazırlanmalı olduğu əsas vəzifə kimi müəyyən olundu və təbii ki seçimimiz də MARCOM oldu. MARCOM-un BAKUDEZ-in inkişafına peşəkar baxış bucağı, təqdim etdiyi yeni loqo BAKUDEZ-in fəaliyyətinə yeni nəfəs verdi, qısa müddət ərzində şirkətin brendinq, kontent marketinq, xidmət kataloqu və digər kommunikasiya vasitələri üzrə işləri formalaşdırmağı bacardı. Hal-hazırda biz birlikdə qısa müddət ərzində fundamental işlərin bitməsi üzərində çalışırıq. Şirkətin gördüyü işlərin və verdiyi tövsiyələrin BAKUDEZ markasının inkişafı üçün faydalı olacağına inanırıq.”.

Qeyd edək ki, bu ilin sonuna kimi BAKUDEZ rəsmi internet saytını təqdim etməyi planlaşdırır. Növbəti mərhələdə saytın google-a indeksasiya olunması üçün SEO Optimizasiya və digər rəqəmsal marketinq alətləri üzrə xidmətlərin icrasına start verəcəklər.